ARTERİAL HİPERTONİYA
Posted Sentyabr 15, 2011
on:- In: HİPERTONIYA
- Şərh yaz
Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.
Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.
Klassifikasiya Sistoloik arterial təzyiqDiastolik arterial təzyiq
Optimal AT <120 <80
Normal AT 120-129 80-84
Yüksək AT 130-139 85-89
Arterial hipertoniya – I dərəcəli (yüngül) 140-159 90-99
Arterial hipertoniya – II dərəcəli (mülayim) 160-179 100-109
Arterial hipertoniya – III dərəcəli (ağır) >180 >110
İzolə olunmuş sistolik arterial hipertoniya >140 <90
Hipertoniya zamanı zədələnən əsas orqanlar
Ürək – Arterial hipertoniya zamanı ürək əzələsinin yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası əmələ gəlir.Hipertrofiyaya uğramış ürək əzələsinin qanla təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti, ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi ağırlaşmalar meydana çıxır.
Beyin – Hipertoniyanın hələ ilkin stadiyalarında baş beyinin qanla təchizatı pozulur. Baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, əmək qabiliyyətinin azalması əmələ gəlir. Bu uzun müddət davam etdikdə beyində xırda infarkt ocaqları əmələ gəlir, getdikcə xəstədə yaddaş və intellekt zəifliyinə gətirib çıxarır. Arterial təzyiq qəflətən nəzərəçarpacaq dərəcədə yüksələrsə beyini qidalandıran damarlardan hər hansı biri zədələnə bilər, bu vəziyyət hemorragik insult adlanır.
Böyrəklər – Arterial hipertoniya zamanı böyrəklərin qanla təchizatı pozulur və getdikcə böyrək toxumasında skleroz əmələ gəlir, bu isə onların funksiyasını pozmaqla xroniki böyrək çatışmazlığının inkişafına şərait yaradır. Böyrək çatışmazlığı özü də arterial təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Xəstəliyin inkişafı bir çox faktorlardan, o cümlədən aparılan müalicədən, insanın həyat şəraitindən və rejimindən, ətraf mühitdən, irsiyyətdən və s. asılıdır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bir sıra xarici ölkələrdə də pasiyentlər bu xəstəliyin ciddiliyini tam olaraq dərk etmir və çox hallarda müalicədən yayınırlar. Xəstələrin bir çoxu özlərini praktiki olaraq sağlam hesab etdiklərindən hətta requlyar dərman qəbulundan belə imtina edirlər. Bu cür halların ən başlıca səbəbi pasiyentlərin öz xəstəlikləri barəsində çox az informasiyaya malik olmalalarıdır.
Müalicə
Xəstədə ilkin olaraq arterial təzyiqin yüksəlməsi aşkar edilərsə o, ətraflı müayinə olunmalı, arterial təzyiqin yüksəlməsinə səbəb olan bütün mümkün xəstəliklər istisna edilməlidir.
İlk növbədə bütün xəstələrə həyat şəraitlərini dəyişmək məsləhət görülür:
Duzlu qida məhsullarının məhdudlaşdırılması, sutka ərzində istifadə olunan xörək duzunun miqdarının 4.5 qramdan artıq olmaması.
Bədən çəkisini azltmaq. Tədqiqatlar göstərir ki,bədən çəkisinin 10 kq-a qədər azaldılması arterial təzyiqin 10 mm.c.s. azalmasına gətirib çıxarır.
K, Ca, Mg və s. mikroelementlər ilə zəngin olan qida məhsullarının, bol meyvə, tərəvəz və dəniz məhsullarının qəbulu.
Alkohollu içkilərin dayandırılması və ya xeyli məhdudlaşdırılması.
Siqaretdən imtina.
Arterial hipertoniyanın müalicəsində əsas məqsəd ürək – damar sistemi tərəfindən inkişaf edə biləcək ağırlaşmaların qarşısını maksimal dərəcədə almaqdır. Bir sıra antihipertenziv preparatlar vardır ki, onlar tək halda və bir neçəsi kombinə olunmuş şəkildə təyin oluna bilər. Hər bir pasiyent yadda saxlamalıdır ki, arterial hipertoniyanın müalicəsi uzunmüddətli, praktiki olaraq ömür boyu aparılır. Əgər xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını düzgün qəbul etməzsə və ya ümumiyyətlə müalicə olunmazsa xəstəliyin daha da inkişafına və ağırlaşmalara səbəb olacaqdır.
Bir cavab yazın