HIPERTONIYA XƏSTƏLIYI SƏSSIZ QATILDIR, ONDAN YAYINMAĞA ÇALIŞIN
Posted Sentyabr 15, 2011
on:- In: HİPERTONIYA
- Şərh yaz
Hipertoniya xəstəliyi səssiz qatildir, ondan yayınmağa çalışın Dünyada əhalinin 30, altmış beş yaşından sonra 65 faizində hipertoniya xəstəliyi müşahidə olunur. Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Bəzən arterial hipertenziya da adlanan bu xəstəlik Azərbaycanda da geniş yayılıb. Guşənin aparıcısı, Bakı Tibb Mərkəzinin həkimi, tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayev bildirir: – Hipertoniya xəstəliyi çox təhlükəlidir. Ona əhəmiyyət verməyənlər, məhəl qoymayanlar bərk yanılırlar. Bu xəstəlik zamanında, effektiv müalicə edilmədikdə ağır fəsadlarla nəticələnir, digər xəstəliklər törədir. – Bəs özü nədən əmələ gəlir? – Bir sıra amillərin təsirindən: damar tonusunu tənzimləyən mərkəzi sinir sisteminin funksional pozğunluğundan, mənfi emosiyalardan, psixi travmalardan, irsi meyillikdən, düzgün istirahət etməməkdən, nadir hallarda hansısa daxili orqanın zədələnməsindən. Psixoloqlar xarakterləri onlarda hipertoniya xəstəliyinin inkişafına gətirib çıxaran adamları müəyyənləşdiriblər. Özünü bütünlüklə işə həsr edən, onu hamıdan tez və yaxşı yerinə yetirməyə çalışan belələri həmişə vaxt çatışmazlığından şikayətlənir vəE “tələsmək azarı”ndan əziyyət çəkirlər. Buna görə də daim gərgin vəziyyətdə olur, sonda təzyiqləri o həddə çatır ki, sanki iyirmi yaş böyükdürlər və çəkiləri də o qədər artıqdır. – Hipertoniya əsrin xəstəliyidir. – İndi elə ailə yoxdur ki, üzvlərindən biri bu xəstəlikdən əzab çəkməsin. Hər kəsdə yorulma, hirslənmə ilə əlaqədar baş ağrısı qan təzyiqini yüksəldə bilər. Hipertoniya xəstəliyinin ən ağır fəsadı beyinə qan sızmasına və bəzən ölümə səbəb olur. Əlbəttə, onun mövcudluğu vaxtında təyin edilsə və lazımi müalicə aparılsa faciə baş verməz. – Arterial hipertenziyanın səbəbi təyin olunsa necə? – Bu, ikincili və ya simptomatik arterial hipertenziya sayılır və əsasən böyrək, habelə endokrin vəzilərinin xəstəlikləri nəticəsində əmələ gəlir. – Hipertoniya xəstəliyində qan təzyiqinin maksimal-minimal həddi nə qədərdir? – Maksimal təzyiq civə sütunundan 140 millimetr, minimal təzyiq isə 90 millimetr yuxarıdırsa, deməli, hipertoniya xəstəliyi səni yaxalayıb. Səbəb də sinir gərginliyidir. – Hipertoniya xəstəliyinin ən qorxulu cəhəti odur ki, özünü büruzə vermədən, qəfildən yaxamızdan yapışır və əl çəkmir. – Buna görə hipertoniya xəstəliyinə səssiz qatil də deyirlər. Onun başlanğıc mərhələsində arterial təzyiq normadan yüksək olsa da, orqanizmdə heç bir dəyişiklik müşahidə edilmir. Lakin kiçik həyəcan, əsəbilik başağrısına, başgicəllənməsinə, yuxusuzluğa, yorğunluğa, qıcıqlanmaya, iştahsızlığa, ümumi zəifliyə, ürək döyünməsinə səbəb olur. İkinci mərhələyə keçdikdə bu əlamətlər mütəmadi təkrarlanır, nəticədə ürəyin sol mədəciyi qalınlaşır, sola böyüyür. Üçüncü mərhələdə ürək, böyrək, beyin zədələnmələri də özünü göstərir, xəstələrin nəbzi tez-tez vurur, görmə qabiliyyəti zəifləyir. Hər mərhələdə qan təzyiqi kəskin arta, hipertoniya baş verə bilər. Bu zaman beyin damarlarının spazması sayəsində başağrısı, ürəkbulanma, öyümə, qusma, huşu itirmə və sair olur. Belə ağırlaşmalar (beyinə qansızma, stenokardiya, miokard infarktı və sair) böhransız da mümkündür. Ağır hipertoniya ürəyə təsir edərək onun hipertrofiyasına, ürək çatışmazlığına gətirib çıxarır. Xəstəliyin böyrək formasında sklerotik dəyişikliklər (nefroskleroz) böyrəklərdə funksional pozğunluqlar törədir. – Hipertoniya xəstəliyinin əlacı varmı, bu dərdə necə çarə qılmaq olar? – Dünyada hər beş nəfərdən biri yüksək qan təzyiqinə malikdir. Onların yalnız yarısının bundan xəbəri var. Xəbərdar olanların da yarısı lazımi müalicə alır. Müalicə məqsədilə ilk dəfə 1953-cü ildə Rezernik dərmanı tətbiq edilib. İndi yüzdən artıq qan təzyiqini aşağı salan, yuxugətirən, sakitləşdirici dərman mövcuddur. Ancaq hipertoniya ilə o, hələ olmamışdan mübarizə aparmaq lazımdır. Bunun üçün normal yatmaq, gərgin fiziki işdən qaçmaq, əsəbiləşməmək, psixi vəziyyətə düşməmək, alkoqoldan imtina etmək, pəhriz saxlamaq kifayətdir. Məsələn, hirslənəndə, çox duzlu xörək yeyəndə qan təzyiqi normadan yuxarı qalxır, adam özünü narahat hiss edir. Bu zaman mütləq həkim çağırmalı, müalicəyə başlanmalıdır. Müalicə iki mərhələdə aparılır. Əvvəlcə vena daxilinə qan təzyiqini normaya salan, sonra təzyiqi normada saxlaya bilən dozada dərman yeridilir. Əgər hipertoniyaönlü xəstələrdə iki-üç risk amili varsa yaxşı olar ki, onlar ağırlaşmaları gözləməsinlər və əsl hipertoniya xəstəliyindəki kimi qan təzyiqini aşağı salan preparatlarla müalicə edilsinlər. Qan təzyiqinin kəskin yuksəlməsi sayəsində insult əmələ gəlməsinin mümkünlüyünü hamı bilir. Eyni zamanda, müəyyənləşdirilib ki, qan təzyiqinin yüksəldilməsindən insultun nəticələrinin profilaktikası və müalicəsi üçün istifadə etmək olar. Hipertoniya xəstəliyi ilə fəal mübarizə, onun düzgün müalicəsi ümumi ölümü 17, beyinə qan sızmasını 65 faiz azaldır. Hipertoniyalı xəstələrin televiziyaya çox baxmaları məsləhət deyil. İqlim şəraiti kəskin dəyişəndə, xüsusən saniyədə on metrdən çox sürətlə külək əsəndə atmosfer təzyiqinin birdən-birə enməsi xəstəliyin gedişini ağırlaşdırır. Buna görə də belə günlərdə qan təzyiqini aşağı salan dərmanın dozasını artırmaq tövsiyə edilir. – Aristotelə görə həyat hərəkət deməkdir, su da axmadıqda iylənir. – Hərəkət bütün dərdlərin dərmanıdır. İnsan gündə azı 10-12 min addım atmalı, səkkiz kilometr piyada gəzməlidir. Bu, sağlamlığı möhkəmlətməyə və normal hərəkət fəallığını artırmağa kömək edir. Əks təqdirdə, adamda qan durğunluğu əmələ gələ, hüceyrələr həyat üçün zəruri maddələri ala bilməzlər. Belə olmasın deyə, hipertoniyalı xəstələr hər gün otuz-qırx dəqiqə yeriməli, həftədə azı beş dəfə idman addımları ilə hərəkət etməlidirlər. Həftədə iki dəfə bir saat üzmək, velosiped sürmək və ya gimnastik hərəkətlər etmək də pis olmaz. – Bədənin çəkisini normada saxlamaq da vacibdir. – İnsanın çəkisi ömrü boyu 25 yaşındakından yuxarı qalxmamalıdır. Əlbəttə, əgər o yaşda normal çəkidə (nə çox kök, nə də çox arıq) olubsa. Belin çevrəsi kişilərdə 102, qadınlarda 88 santimetrdən artıq olanda hökmən ürəklə bağlı problemlər yaranır. Belə bel abdominal piylənmə əlamətidir. Bu zaman piy daxili orqanlarda yığılır və xolesterinin çoxluğu sonda damarların daralmasına, qan dövranının çətinləşməsinə gətirib çıxarır. Qanı daralmış damarlarla axıtmaqdan ötrü orqanizm qan təzyiqini yüksəltməyə (hipertoniya) və deməli, ürəkdə əlavə yük yaratmağa məcburdur. Bunun qarşısını almağın yeganə yolu çox yeməmək, qaydasında qidalanmaqdır. Ən əsası gündə iki-üç qramdan artıq duz qəbul edilməməlidir. İnsanın ən böyük günahı öz sağlamlığını qorumamasıdır. Hamı bilməlidir: sağlamsansa xoşbəxtsən, borcun yoxdursa varlısan. “Azərbaycan” http://www.azerbaijan-news.az
Bir cavab yazın